AMEA Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun mərhum professoru Cəlal Qasımova həsr edilmiş “Alim ömrünün işığında” filminin təqdimat mərasimi keçirildi.
AMEA Folklor İnstitutunun “Folklor” studiyasının ərsəyə gətirdiyi filmdə Cəlal Qasımovun həyat və yaradıcılıq yolundan, ədəbiyyatşünaslığın müxtəlif sahələri, eləcə də siyasi repressiya qurbanlarının faciəli taleyi haqqında tədqiqatlarından söhbət açılır. Uzun illər milli təhlükəsizlik orqanlarında çalışmış Cəlal Qasımov “Abdulla Surun həyatı və yaradıcılıq yolu” mövzusunda namizədlik, “Siyasi repressiya həyatda və ədəbiyyatda” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, repressiya qurbanlarının faciəli taleyi haqqında 30-dan çox kitabın və 150-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Dövlət təhlükəsizlik orqanlarında nümunəvi xidmətinə görə dövlət təltifləri ilə mükafatlandırılmış “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medallarına, Əməkdar müəllim fəxri adına və digər mükafatlara layiq görülüb.
Filmin nümayişindən sonra AMEA-nın akademikləri Muxtar İmanov, Teymur Kərimli, Avrasiya Universitetinin professoru Seyfəddin Altaylı, Folklor İnstitunun professoru Seyfəddin Rzasoy, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun professoru Tahirə Məmməd, BDU-nun professoru Yeganə İsmayılova, MTN-nin sabiq əməkdaşları Seymur Şeydayev və Mahir Cavadlı Cəlal Qasımovun fədəkar fəaliyyətindən, elmə verdiyi töhfələrdən danışdılar. Alimin oğlu Fuad Qasımov tədbirin təşkilatçılarına və qonaqlara minnətdarlığını bildirdi.
Filmin ssenari müəllifi, Folklor İnstitunun şöbə müdiri İlhamə Qəsəbova qəzetimizə qısa açıqlamasında bildirdi ki, 2 il əvvəl 61 yaşında dünyasını dəyişən alimin siyasi repressiya qurbanları haqqında yaradıcılığı həmişə diqqəti cəlb etmiş, elmi diskussiyalara, qızğın polemikalara səbəb olmuşdur. Ötən il AMEA-nın Folklor İnstitutunda alimin xatirəsinə "Həyatını milli yaddaşın oyanışına həsr etmiş alim" mövzusunda elmi sessiya keçirilib. Bu gün təqdim olunan “Alim ömrünün işığında” filmi Cəlal Qasımovun yaradıcılığına verilən dəyərin yeni nümunəsidir.
“Xalq qəzeti”