“Odlar yurdu” bərpaolunan enerji məkanıdır

post-img

Prezident İlham Əliyevin müxtəlif enerji mənbələrinin inkişafı üçün həyata keçirdiyi siyasət, uzaqgörən siyasi qərar və qətiyyətli addımların ardıcıllığı, bir-birini tamamlaması nəinki Azərbaycanın, eyni zamanda tərəfdaşlarımızın enerji təhlükəsizliyinə töhfə verir və “yaşıl” enerjiyə problemsiz keçidi gerçəkləşdirir.

Respublikamızda bərpaolunan enerji potensialının reallaşdırılması istiqamətində icra olunan layihələr xüsusilə diqqət çəkir. Son dövrlərdə “Masdar”, “ACWA Power” və “Fortescue Future Industries” şirkətləri ilə 25 QVt həcmində “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq sənədlərinin imzalanması bunun bariz ifadəsidir. 2040-cı ilədək mərhələli şəkildə istifadəyə verilməsi planlaşdırılan bu istehsal gücləri tələbatımızdan, potensialımız isə yaradılacaq güclərdən dəfələrlə çoxdur. 157 QVt külək enerji potensialı olan Xəzər dənizinin ölkəmizə aid sektoru, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları və Naxçıvan Muxtar Respublikası “yaşıl” investisiya üçün ən cəlbedici məkanlardır.

Ümumiyyətlə, Azərbaycan bərpaolunan enerji mənbələri ilə zəngin ölkədir. Hesablamalara görə, respublikamızın quruda külək və günəş enerjisi üzrə potensialı, təqribən, 37 qiqavatt təşkil edir. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialı isə, təqribən, 157 qiqavata bərabərdir.

Mütəxəssislərin fikrincə, ənənəvi elektrik enerjisi istehsalından “yaşıl” enerjiyə sürətli keçid müəyyən zaman tələb edir. Bu məsələdə investisiya qoyuluşu da zəruri amillərdən biridir. Amma bərpaolunan enerjiyə keçid heç də neft, qaz və kömür kimi enerji mənbələrinin istifadəsinə son qoymaq anlamına gəlmir.

Bu məqamda dünyada alternativ enerji potensialının reallaşdırılması vəziyyətinə də nəzər salmaq istərdik. Bu baxımdan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Azərbaycanda “yaşıl” iqtisadiyyat məsələlərinin elmi cəhətdən araşdırılmasına həsr olunan “Yaşıl iqtisadiyyat” kitabına daxil edilən Aminə Bayramovanın təhlili məqaləsi diqqət çəkir. Müəllif bildirir ki, artan enerji istehlakı fonunda bərpa edilməyən enerji mənbələrinin həm məhdudluğu, həm də ətraf mühit və insan sağlamlığı üçün yaratdığı təhlükə bu enerji mənbələrinə alternativ mənbələrin tapılmasına diqqəti artırır.

İstehlak baxımından dünyada enerjinin böyük hissəsini mineral yanacaqlar təşkil edir. Bu vəziyyət qlobal miqyasda bərpaolunmayan enerji mənbələrindən asılılıq nəticəsində iqtisadiyyata daha çox yük gətirir və atmosferdə istixana qazlarının toplanması nəticəsində iqlim dəyişikliyinə səbəb olur. Bütün bu problemlər fonunda bərpaolunan enerji, başqa sözlə, alternativ enerji mənbələrinin reallaşdırılması zərurəti yaranır.

Alternativ enerji mənbələri tükənməyən enerji mənbəyi sayılmaqla ətraf mühitə zərər vurmaması, enerji diversifikasiyası və nəhayət, enerji təhlükəsizliyinin təmini baxımından mühüm önəm daşıyır. Bərpaolunan enerji təbiətdə mövcud olan və təbiətin daim istehsal edə biləcəyi ehtiyatlar vasitəsilə əldə edilə bilən enerjidir. Ümumiyyətlə, bərpaolunan enerji mənbələri enerji mənbəyindən alınan enerji ilə eyni miqdarda və ya mənbənin tükənmə sürətindən daha sürətli özünü yeniləyə bilən enerji kimi müəyyən edilə bilər.

A.Bayramovanın araşdırmasına əsasən, məcmu ilkin enerji istehsalında bərpaolunan enerji mənbələrinin payı davamlı şəkildə çoxalır, artım faizi isə 2011-ci ildən etibarən sürətlə yüksəlməkdədir. Belə ki, 2019-cu ildə ümumi enerji istehlakında alternativ enerji mənbələrinin payı 5 faiz təşkil edirdisə, 2020-ci ildə bu göstərici 5,7 faiz olaraq müşahidə edilib. Lakin hələ də ümumi enerji istehlakında bərpaolunan enerji mənbələrinin payı azdır.

Ayrı-ayrı bərpaolunan enerji mənbələrinə diqqət yetirdikdə günəş enerjisindən istifadənin 2010-cu ildən etibarən daha sürətlə artdığı müşahidə edilir. Belə ki, 2010-cu illə müqayisədə 2020-ci ildə günəş enerjisi 25 dəfə, külək enerjisi istehsalı isə 5 dəfə artıb. Alternativ enerji mənbələrinin ümumi enerji istehlakındakı payı 2015-ci illə müqayisədə 2020-ci ildə 3,3 faizdən 5,7 faizə yüksəlib. Bu isə neft, qaz və kömür istehlakındakı azalmadan daha yüksək artım kimi qeydə alınıb.

Alternativ enerji mənbələri ilə ənənəvi enerji mənbələrini müqayisə etsək görərik ki, son illərdə neft və kömürün ümumi enerji istehlakındakı payı azalsa da, təbii qazın payı 2015-ci illə müqayisədə 2020-ci ildə 1,7 faiz artıb. Bu isə alternativ enerji mənbələrinin genişləndirilməsi və ənənəvi enerji mənbələrinin “sıxışdırılaraq” azaldılması üçün hələ uzun yol olduğunu göstərir.

2019-cu illə müqayisədə pandemiyanın tüğyan etdiyi 2020-ci ildə Çin və ABŞ-də bərpaolunan enerji mənbələri üzrə həm istehsalda, həm də istehlakda artım müşahidə edilib. Hazırda bərpaolunan mənbələrdən əldə edilən elektrik enerjisinin istehsalına görə lider olan Çin bu göstəriciyə görə ən yaxın rəqibi ABŞ-ni 1,6, Almaniyanı isə 3,7 dəfə qabaqlayıb.

Alternativ enerji mənbələri şərti olaraq 5 yerə bölünə bilər: hidroenerji, bioenerji, geotermal enerji, günəş enerjisi, külək enerjisi. Hidroenerji ən yetkin və ən zəngin bərpaolunan enerji mənbəyidir. Hələ iki min il əvvəl qədim yunanlar taxıl üyüdülməsi üçün hidroenerjidən istifadə edirdilər. Hazırda isə ən sərfəli enerji növlərindən biridir. Hidroenerji dedikdə sudan enerjinin əldə edilməsi nəzərdə tutulur. Hidroenerji kömür və təbii qazdan sonra üçüncü ən böyük mənbə kimi 2020-ci ildə qlobal elektrik istehsalının altıda birini təmin edib. Bu enerji müxtəlif metodlarla əldə edilə bilər. Hidroenerjinin əldə edilməsinin ən geniş yayılmış forması su-elektrik stansiyalarıdır.

Aminə Bayramova hidroenerji istehsalına görə, 2020-ci il üzrə ən yüksək hidroenerji istehsalı göstəricisinin Çində, ondan sonra isə Şimali Amerika və Amazon çayı hövzəsində qeydə alındığını bildirir. Şübhəsiz ki, burada əsas amil böyük hidro potensialın– yəni su hövzələrinin çoxluğudur. Bu gün hidroenerji ümumi əhalisi, təxminən, 800 milyon olan, inkişaf etmiş və inkişaf etməkdə olan iqtisadiyyatların elektrik enerjisinə tələbatının əksəriyyətini ödəyir. Bu ölkələrdə hidroenerji elektrik enerjisinə çıxış imkanlarını genişləndirmək üçün sərfəli enerji mənbəyidir.

2020-ci ildə su elektrik enerjisi ABŞ-də ümumi kommunal miqyaslı elektrik enerjisi istehsalının, təxminən, 7,3 faizini və bərpaolunan elektrik enerjisi istehsalının 37 faizini təşkil edib. ABŞ-nin ümumi elektrik enerjisi istehsalında hidroelektrik enerjinin payı zaman keçdikcə digər mənbələrdən elektrik enerjisi istehsalının artması səbəbindən azalıb. Norveçdə isə elektrik enerjisinin 92 faizi hidroenerjidən əldə edilir.

Dünyanın ən böyük su elektrik stansiyası Çində yerləşən 22,5 giqavat gücündə “Üç dərə bəndi” ildə 80–100 terawatt/saat enerji istehsal edir. Türkiyə bu enerji mənbəyindən ən qısa zamanda maksimum səmərə əldə etmək üçün “Tik–idarə et–təhvil ver” və “Tik–idarə et” sistemi və tətbiq etdiyi qanun dəyişiklikləri ilə özəl sektora imkan yaradaraq hidroenerji üçün şəffaf və davamlı bir enerji bazarı yaratmağa çalışır.

Bütün üstünlüklərə və imkanlara baxmayaraq, hidroenergetikanın inkişafı və potensialından istifadədə bəzi çətinliklər mövcuddur. Öncəliklə hidroenerji potensialının yarısı hələ də istifadə edilməyib ki, bunun, təxminən, 60 faizi inkişaf etməkdə olan bazarların və iqtisadiyyatların payına düşür. Bu enerji növündə istixana qazı emissiyalarının səviyyəsi minimal olduğu üçün ekoloji təmiz sayılır. Hidroenerji potensialının gücləndirilməsi üçün, ilk növbədə, investisiyaların cəlbi, hökumətlərin təşviqi, ekoloji risklərin qiymətləndirilməsi üçün standartların müəyyənləşdirilməsi zəruridir ki, bu, həm hidroenerjidən istifadə səviyyəsini yüksəldə, həm də sosial-iqtisadi və ekoloji fayda gətirə bilər.

 

Ekologiya