Tayvan məsələsi Çinlə ABŞ arasındakı münasibətlərdə keçilə bilməyən qırmızı xətdir.
AZƏRTAC xəbər verir ki, ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Tzyan bunu brifinqdə Tayvan administrasiyasının rəhbəri Lay Tsindenin ABŞ-a səfərini şərh edərkən deyib.
“Separatçı hərəkətlər Tayvan boğazında sülh və sabitliyə uyğun gəlmir”, - deyə Lin Tzyan əlavə edib. Onun sözlərinə görə, Pekin Vaşinqtonu Tayvanın müstəqilliyini dəstəkləməməyə, Taybey administrasiyası ilə rəsmi əlaqələri dayandırmağa, “vahid Çin” prinsipinə hörmət etməyə və adadakı separatçı qüvvələrə göz yummamağa çağırır.
“Hər kəs ÇXR hakimiyyətinin və xalqının ölkə suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üzrə qətiyyətini, iradəsini və qabiliyyətini düzgün qiymətləndirməlidir”, - deyə ÇXR Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.