ABŞ və İsrail HƏMAS hərəkatının Qəzza sektorundan çıxarılmasından sonra bölgədə BMT-nin dəstəyi və ərəb ölkələrinin iştirakı ilə müvəqqəti hökumətin qurulması imkanlarını müzakirə etməyə başlayıb.
Bloomberg agentliyi bu barədə ABŞ administrasiyasındakı mənbələrinə istinadla məlumat yayıb.
Məlumata əsasən, bu məsələ ilə bağlı müzakirə Birləşmiş Ştatlar administrasiyasında ilkin mərhələdədir və İsrail ordusunun HƏMAS-a qarşı aparacağı yerüstü əməliyyatın nəticələrindən asılı olacaq. Amerikalı məmurların sözlərinə görə, Qəzza sektorunda müvəqqəti hökumətin qurulması kimi istənilən planın reallaşması üçün ərəb ölkələrinin dəstəyi vacibdir.
Xatırladaq ki, oktyabrın 7-də HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Kassam” briqadası İsrailin nəzarətində olan ərazilərə hücum edib. İsrail tərəfi buna cavab olaraq HƏMAS-a qarşı hərbi əməliyyatlara başlayıb.